Sən əvvəllər heç vaxt tərcümə sahəsində müstəqil şəkildə işləməmisənsə, bu baş vurduğun ən çətin iş təcrübəsi ola bilər. Necə iş tapa bilərəm? Öz bacarıqlarımı harada nümayiş etdirə bilərəm? Hansı rəqabətlə üzləşə bilərəm?
Məqsədindən geri dönmə! Kömək lap yaxındadır. Frilans tərcüməçi kimi yeni karyeranı ən yaxşı təməl üzərində qurmaq və uğurlu bir başlanğıc etmək üçün aşağıdakı 10 məsləhəti oxu. Uğurlar!
Mən frilans tərcüməçi kimi işə başlayanda, normal rejimə düşmək mənim üçün çətin oldu. Freelance tərcüməçi kimi işləməyin faydalarından biri odur ki, sən iş saatlarını özün təyin edirsən. Əgər 2 həftə ərzində hər gün 12 saat işləmək istəsən, sənin əlavə bir neçə istirahət günün ola bilər. Lakin öncə bunun sənə faydası olacağına əmin ol. İşə başlayarkən üzləşdiyim çətinliklər gec oyanmaq, bəzən işdən yayınmaq və layihənin tamamlanmasını ən son saata saxlamaq idi. Mən bunu məsləhət görməzdim! Çalış və özünə qarşı tələbkar ol; səhər erkən oyan, yaxşı səhər yeməyi ye, idman et, tünd kofe iç və məhsuldar bir günə başla. Digər tərəfdən, sən hər nə qədər çalışqan olsan da, 24/7 işləməyin sənin enerjini tükədəcəyinə əmin ol. Özün üçün zaman ayır, dostların və ailənlə vaxt keçir. Düzgün rejim qursan, sən özünü daha yaxşı hiss edəcəksən.
Tərcüməçi kimi işə başlamağın ən çətin problemlərindən biri nəyi öhdənə götürdüyünü anlamaqdır. Real olaraq nə qədər qazanmaq və həftə ərzində nə qədər işləmək istədiyin barədə düşün. Bu sənə sifarişçilərin ödəyəcəyi məbləği müəyyənləşdirməyə kömək edəcək.
Yuxarıda qeyd olunduğu kimi – öz əməyini qiymətləndirməyi bacar. Başlanğıcda əksər şirkətlərə tərcüməyə görə cüzi miqdarda pul ödəmək cəlbedici görünsə də, sonradan onlar standartlara uyğun olmayan tərcümə üçün qəpik quruş ödəməkdənsə, yüksək keyfiyyətli iş üçün böyük miqdarda pul ödəməyə razı olurlar. Əgər sən öz işini ədalətli şəkildə qiymətləndirsən, daha çox hörmət qazanacaqsan və bunun nəticəsində daha çox iş təklifi alacaqsan.
Tərcüməçi kimi daha çox iş təklifi almağın ən yaxşı yolu təcrübən olduğu sahədə tərcümələr etməkdir. Həqiqətən də, yüksək gəlirli tərcüməçilər mühəndislik, tibb və ya hüquq kimi digər sahələrdə də müəyyən biliklərə sahib olanlardır. Təbii ki, heç də hamımızın bu sahələrdə təcrübəsi yoxdur və əgər sən də mənim kimi təhsil aldığın əsas sahələr tərcümə və linqvistikadırsa, hansı sahədə ixtisaslaşmaq istədiyin barədə düşün və bu hədəfə çatmaq üçün çalış.
Daimi işləmək və yeni müştərilər əldə etməyə çalışmaqla sən öz əsl məqsədinin nə olduğunu asanlıqla unuda bilərsən. Dil bacarıqlarını daim inkişaf etdir və dildə olan yeniliklərdən xəbərdar ol ki, tərcümələrinin keyfiyyəti hər zaman yüksək səviyyədə olsun.
Yuxarıda qeyd edildiyi kimi, seçdiyin sahədə ixtisaslaşmağın tərcümə xidmətini təklif edərkən çox faydalı ola bilər. Niyə yeni kurslara pul xərcləmirsən? Bu sifarişçilərə öz işinə ciddi yanaşdığını və tərcüməçi kimi özünü inkişaf etdirmək istədiyini göstərəcək. Bundan əlavə, bir çox şirkətlər irihəcmli layihələrin tamamlanmasını asanlaşdırmaq və sürətləndirmək üçün tərcüməçilərin yeni tərcümə proqramlarına yiyələnmələrini istəyir. Ona görə ayıq ol, və bu sahədə olan yenilikləri gözdən qaçırma!
Başlanğıcda pul qazanmaq və özünüzə imic yaratmaq üçün mümkün qədər çox iş götürmək sənə cəlbedici görünə bilər. Halbuki sifarişçini ən yaxşı işlə təmin etmək və razı salmaq üçün tələsməmək daha faydalıdır. Tərcümə sahəsində vacib məsələlərdən biri də budur ki, öz inkişafın üçün nə qədər çox çalışsan, o qədər çox gəlir əldə edəcəksən. Əgər sən sifarişçiyə kifayət qədər araşdırılmamış, tələsik edilmiş tərcümə təqdim etsən, bu sənin nüfuzunun sarsılmasına, hətta ödənişdən məhrum olmana gətirib çıxara bilər. Halbuki sifarişçiyə yüksək keyfiyyətli, peşəkar tərcümə təqdim etsən bu sənin daha çox iş təklifi almağına və karyeranda sürətlə yüksəlmənə kömək edəcək.
Yeni başlayarkən iş təklifləri almağın ən yaxşı yolu çox sadədir: özünü tanıtmağa çalış. Axı şirkətlər səni tanımasalar sənə müraciət edə bilməzlər. Bəli, bu bir qədər zaman alacaq və bezdirici ola bilər, amma sənin xidmətlərindən fayda görəcəyini düşündüyün şirkət və tərcümə agentliklərinə məktub və CV göndər və ya könüllü olaraq tərcübə yığmaq istədiyini bildir. Unutma ki, yaxşı təməl yaratmaq üçün özünə və karyerana investisiya yatırmağa dəyər.
Belə ki, sən yüzlərlə CV göndərmisən, öz üzərinizdə çox çalışmısan və işləməyə hazırsan. Bəzən şirkətlərin sənə müraciət etməsi müəyyən zaman alacaq, bu müddət ərzində niyə də frilans tərcüməçilər üçün olan saytlarda iş axtarmağa cəhd etmirsən.
Əksər insanlar ən azı bir il ərzində tam-ştatlı tərcümə işi tapmağın reallıqdan uzaq olduğunu fikirləşirlər və çoxumuz arzuladığımız işi tapmaq məqsədilə yarım-ştat işləməli oluruq. Bunun motivasiyanı aşağı salmasına imkan vermə. Özünü inkişaf etdirmək, işləmək üçün doğru müştərilər tapmaq və tərcümə sahəsində imicini yaratmaq zaman alacaq. Lakin həvəslə və səylə çalışsan, zamanı gələndə zəhmətinin bəhrəsini görəcəksən.
Copyright © 2009-2023 VİSİON Tərcümə Mərkəzi. Bütün hüquqlar qorunur.