Notarial təsdiq

Hansı sənədlərin tərcüməsinə notarius təsdiqi lazimdir?

Bir çox hallarda sənədlərin tərcüməsi ilə yanaşı onların notarial qaydada təsdiq olunmasında zərurilik yaranır. Zəruri hallarda mərkəz müştərilərə rahatlığın təmin edilməsi məqsədi ilə əlavə ödəniş tələb etmədən sənədlərin notarial qaydada təsdiq olunmasını həyata keçirir.

Tərcümənin notarial qaydada təsdiqi – bu, rəsmi sənədlərin qanuniləşməsi növlərindən biridir. Tərcümənin notarial qaydada təsdiqi zamanı notarius onun tərəfindən qeydiyyata alınmış tərcüməçinin imzasının həqiqiliyini təsdiq edir. Əgər sənəddə rəsmi sənədin bütün atributları olarsa, bu zaman sənədin tərcüməsini notarial qaydada təsdiq etmək olar (imza və möhür, bir sıra xarici ölkələrdə verilmiş sənədlər üçün isə həm də konsul qanuniləşdirilməsi). Bundan başqa tərcümənin notarial qaydada təsdiqi üçün sənədin əslini və ya onun notarial qaydada təsdiq edilmiş nüsxəsini təqdim etmək zəruridir.

Notarial təsdiq ilə aşağıdakı sənədlərin tərcüməsi yerinə yetirilir:

  • şirkət müqavilələri, təsis sənədləri, mühasibatlıq hesabatları və digər sənədlər;
  • VVAQ orqanları tərəfindən verilən doğum, nikah və boşanma haqqında şəhadətnamələr;
  • əmək kitabçalarının, arayışların, ünvan qeydiyyatdan çıxma vərəqələri və s. (çox vaxt MDB ölkələri tərəfindən verilən bu cür sənədlərdə yalnız ştamplar və möhürlərin tərcüməsi tələb olunur, lakin bu cür tərcümə də notarius tərəfindən təsdiq edilməlidir);
  • diplom, attestat və sertifikatlar;
  • uşağın xarici ölkələrə getməsi üçün verilən razılıq, etibarnamə və vəsiyyətnamələr;
  • pasport, qeydiyyat və sürücülük vəsiqələri

Apostil nədir?

Apostil bir sənədin gerçəkliyinin (orijinallığının) təsdiq edilərək başqa bir ölkədə qanuni olaraq istifadəsini təmin edən sənəd təsdiq sistemidir.

Ümumi məlumat

Apostil Azərbaycan Respublikasının ərazisində verilmiş və Azərbaycan Respublikasına münasibətdə 2 mart 2005-ci ildə qüvvəyə minmiş «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostildə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırılması tələb olunmur.

Apostil aşağıdakı sənədlərə verilir:

  1. məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi rəsmi sənədlərə (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa);
  2. Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlərə;
  3. Azərbaycan Respublikasının ərazisində vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair verilmiş sənədlərə.

Diplomatik və ya konsul idarələri tərəfindən icra edilən sənədlərə, kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə apostil verilmir.

Apostilin verilməsi üçün sənədlərin qəbulu

Apostil sənədi imzalayan və ya onu təqdim edən istənilən şəxsin vəsatəti ilə verilir. Hüquqi şəxsin sənədləri onun nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim edildikdə apostilin verilməsi üçün qəbul olunur.

Təqdim edilmiş sənədlər 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.

Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

Apostilin verilməsi üçün qəbul olunmuş sənədlərin icra edildikdən sonra qaytarılması vətəndaşlar tərəfindən onların şəxsiyyətini təsdiq edən sənədlər, hüquqi şəxslərin nümayəndələri tərəfindən isə müvafiq etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim olunduqda sənədi alan şəxsə qeydiyyat kitabında imza etdirməklə həyata keçirilir.

Apostil verilməsi üçün təqdim olunan sənədlərə dair tələblər

Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.

Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.

Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından (www.hcch.net) əldə etmək olar.

Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.

Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.