Şifahi tərcümə

Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl (consecutive), sinxron (simultaneous) və pıçıltı ilə (whispered, chuchotage) kimi növləri var. Şifahi tərcüməçiyə Azərbaycan dilində dilmanc da deyilir.

Şifahi tərcümənin tarixi qədimdir. Yazılı tərcümənin izləri qədim Misirə gedib çıxdığı kimi, şifahi tərcümənin də ilk dəfə orda intişar tapdığı söylənilir. Şifahi tərcümə tarixdə yeni torpaqların, ölkələrin, xalq və qəbilələrin kəşfi və istilalar zamanı mühüm rol oynayib. Məsələn, Makedoniyalı İsgəndərin şərqə yürüşü, ispanların Mərkəzi və Cənubi Amerikaya gedib çıxmaları, eləcə də Hindistandan tutmuş Balkan ölkələrinə qədər gedib çıxan türklər, ərəb istilaçıları, şübhəsiz ki, dilmancların xidmətindən yararlanmışlar. Hazırda da bu sahəyə maraq çoxdur. Biznes dilmanclığı, sinxron tərcümə, məhkəmə dilmanclığı, icma dilmanclığı, lal dili dilmanclığı kimi sahələr inkişaf etmişdir.

Ardıcıl tərcümə

Ardıcıl tercume zamanı dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1-5 və ya 15 dəqiqədən bir (hər paraqrafın və ya fikrin sonunda) fasilə verir, mətnin tərcüməsi üçün şərait yaradır. Tərcümə tarixində belə hallar da var ki, natiq fasiləsiz olaraq bir saat danışır, sonra tərcümə üçün dilmanca üz tutur. Bəzi tərcüməçilərin məsləhətinə görə, yaddaş həddindən artıq yükləndikdə dilmanc məruzəçidən dayanmağı xahiş edə bilər. Ardıcıl tərcüməçi üçün ən vacib şərtlərdən biri də onun qeydgötürmə qabiliyyətidir. Çünki təfsilata zərər yetirmədən bütöv bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. Tərcüməçinin digər səciyyəvi cəhətləri qısamüddətli yaddaş, yaxşı təqdimat qabiliyyəti və inandırma bacarığıdır. İnsan bir dəqiqəyə bir neçə söz yadda saxlaya bilər, amma məsələ bir neçə sözü ardıcıllıqla yadda saxlayıb-saxlamamaqda deyil. Müəyyən bir nitqi fasiləsiz olaraq dinləyəndə insanın yaddaşı yüklənir. Əgər nitq parçasındakı əsas məqamlar qeydlər şəklində yazıya köçürülsə, sonra onlara baxılaraq tərcümə edilsə, onda mütərcim yorulmur, eyni zamanda görülən iş də effektli olur.

Pıçıltı tərcümə

Sinxron tərcümənin digər ən çox yayılmış forması məhz pıçıltı vasitəsilə tərcümədir. Pıçıltılı tərcümə fransız termini ilə “ehuchotage” da adlanır. Bu tərcümə növündən adətən tədbirlərdə hədəf dildə danışan xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı dilmanc xarici nümayəndənin yanında oturub eşitdiklərini onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan şəxs eşidir, digər nümayəndələrə isə maneçilik törətmir. İki nəfərin tərcüməyə ehtiyacı olduğu halda dilmanc onların arxasındakı cərgədə elə əyləşir ki, qonaqlardan birinin sağ qulağına, digərinin isə sol qulağına yaxın məsafədə pıçıltı ilə deyilənləri çatdıra bilsin. Tərcüməyə ehtiyacı olanların sayı ikidən artıq olduqda iki və ya daha artıq dilmancın tərcüməsindən istifadə olunur. Bu halda bir dilmancın tərcüməsi xüsusi aparatla br neçə nəfərə çatdırıla da bilər. Pıçıltı ilə tərcümədən biznes və təkbətək görüşlərdə istifadə olunur.

Sinxron tərcümə

Sinxron tərcümə Birinci dünya müharibəsi zamanı meydana gəlib. O vaxtadək mühüm beynəlxalq görüş və forumlar dünya dili olan fransız dilində aparılırdı. Birinci dünya müharibəsi zamanı bəzi yüksək rütbəli ABŞ və İngiltərə rəsmiləri fransız dilini bilmədikləri üçün danışıqlarda çətinlik yaranırdı, buna görə də onlar dilmanclardan istifadə etmək məcburiyyətində qalırdılar. Xüsusilə Nürenberq və Tokyo proseslərindən sonra sinxron tərcümədən geniş istifadə olunmağa başladı. İndi bu tərcümə növü təkcə beynəlxalq forumlarda deyil, radio və televiziya verilişlərində, mühazirələrdə, treyninqlərdə, ölkə rəsmilərinin səfərləri zamanı da işlənir.
Sinxron tərcümə zamanı mütərcim onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır. Konfrans iştirakçıları da zalda qulaqcıq vasitəsilə tərcümə mətnini dinləyir, zalda danışan natiqi görür, lakin köşkdəki mutərcimi görmürlər.
Sinxron tərcümənin öz qanunları var ki, onlar tərcümənin qızıl qanunları adlanır. Dilmanc aşağıdakıları yerinə yetirməlidir:

  • Konfrans salonunda oturanlar və natiq arasında ünsiyyəti təmin etməlidir;
  • Texniki vasitələrdən maksimum istifadə etməlidir;
  • Əmin olmalıdır ki, natiq və zaldakılar onu yaxşı eşidir;
  • Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə tərcümə etməməlidir;
  • Diqqətini maksimum cəmləməlidir;
  • Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
  • Diqqətini dəqiq bölməyi, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
  • Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
  • Hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir;
  • Hər bir cümlə bitkin olmalıdır;
  • Cümlələri məntiqi səslənməlidir.
Bələdçilik

Turistlərdə gəldiyi ölkənin qonaqpərvərliyi haqqında ilk təəssürat onların qarşılanması zamanı yaranır. Bu mərhələdə turistlər onlara tanış olmayan mühitə düşür və ölkənin dilini bilmədikləri üçün sərhəd və gömrük işçiləri ilə münasibətlərdə çətinlik çəkirlər. Turizm iqtisadi proseslərin üstünlük təşkil etdiyi sahədir. Bu, ekskursiya bələdçisinin nəinki zəngin ümumi mədəniyyətə, həm də əsaslı iqtisadi hazırlığa malik olmağını tələb edir. Çünki o, müəyyən marşrut üzrə səyahət proqramını, ekskursiya qiymət cədvəlini, maliyyə hesabatlarını tərtib etməyi bacarmalıdır.
Bələdçinin xarici dil hazırlığı da əsas şərtdir, əks halda, o, xarici turistlərlə birbaşa əlaqə yarada bilməz. Bələdçi nə qədər çox dil bilirsə, turizm mütəxəssisi kimi öz ölkəsinin nüfuzunu daha da yüksəltmiş olur.
Bələdçi üçün xarici turistlərin milli mənsubiyyətini, mədəni məişətini, adət və ənənələrini bilmək çox önəmlidir. Turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən asılıdır.

Sərgilərdə tərcümə

Sərgilər şirkətlər və müştərilər arasında əlaqəni təmin edir. Bu zaman dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak etdiyinə görə, dil baryerləri əhəmiyyətli dərəcədə risk daşıyır. Əgər tərəflər bir-birini başa düşə bilməsələr, biznes fəaliyyətlərini necə həyata keçirə bilərlər?
Sərgilərdə istifadə olunan tərcümə digər tərcümələrdən fərqlənir. Bu sahədəki tərcüməçilər məxəz və hədəf dilləri yüksək səviyyədə bilməklə yanaşı, həmçinin təqdim olunan məhsullar və xidmətlər haqqında kifayət qədər məlumatlı olmalıdırlar. Sərgi tərcüməçiləri həm ünsiyyəti təmin etməli, həm də yeni müştərilər cəlb etməyə kömək etməlidirlər.
Bizim sərgi tərcüməsi xidmətindən istifadə etsəniz çox sayda seçim imkanınız olacağına zəmanət veririk. Ehtiyacınız olan dilləri tapmaq üçün narahat olmağınıza ehtiyac yoxdur; biz təkcə ümumi dillərdən yox, həmçinin nadir hallarda istifadə olunan dillərdən tərcüməni də təmin edirik. Növbəti sərgilərinizdə bizim təcrübəli tərcüməçilərimizdən istifadə edin və müxtəlif ölkələrdən olan müştərilərinizə onlara necə dəyər verdiyinizi nümayiş etdirin.