Yazılı tərcümələrin yerinə yetirilməsinə dair Təlimat

Tapşırığın qəbul edilməsi və təhvil verilməsi qaydası

Tərcümə Mərkəzi (TM) əməkdaşından tapşırığı qəbul edərkən icraçı sifarişi aldığını təsdiqləməli, zərurət olduqda sifarişin icrası müddətini və meydana çıxan bütün sualları aydınlaşdırmalıdır. Tərcümə ayrıca saxlanan faylda yerinə yetirilərək ada tərcümənin edildiyi dil əlavə olunur, məsələn, ingilis dilində ilkin mətnin adı “document_part2” olduqda, Azərbaycan dilinə tərcümə sənədi “document_part2_az” adlandırılır.Sifariş təsvirli arxiv formasında qəbul edildikdə tərcümə mətninin faylı tərcümə dili göstərilməklə arxivin adını daşıyır.

Tərcüməni göstərilən müddətdə başa çatdırmağın mümkün olmadığı TM əməkdaşına mütləq VAXTINDA bildirilməlidir. Bu, ağlabatan müddət (ən azı bir gün) əvvəldən edilməlidir ki, tərcümənin bir hissəsini başqa icraçıya vermək mümkün olsun.

Tərcüməçinin qəbul etdiyi mətn HEÇ BİR HALDA TM əməkdaşları ilə razılaşdırılmadan üçüncü şəxslərə verilə bilməz. Tapşırıq TM-nə bildirilmədən üçüncü şəxsə verildikdə sifarişçi cərimə sanksiyaları tətbiq etmək hüququna malikdir.

Ümumi tələblər

Tərcüməyə verilən əsas tələb onun adekvatlığıdır. Adekvat tərcümə tərcümə dili daşıyıcısının orijinal dil daşıyıcısının orijinalı qəbul etdiyi kimi qəbul etdiyi tərcümədir

Aşağıdakılara yol verilmir:

  • sözbəsöz, yaxud qeyri-dəqiq tərcümə, tərcümə zamanı orijinalın mənasının təhrif edilməsi;
  • orijinalın mühüm fraqmentlərinin ötürülməsi;
  • maşınla tərcümə;
  • üslubi, qrammatik, orfoqrafik səhvlər.

Tərcümə proseduruna görə, tərcüməçi tərəfindən tərcümə mətninin müstəqil oxunuşu nəzərdə tutulur. Göndərməzdən əvvəl tərcümə olunmuş mətnin orfoqrafiyası və durğu işarələri yalnız müstəqil surətdə deyil, həm də Word Servis/Düzgün Yazılış funksiyasından istifadə olunmaqla yoxlanmalıdır. Hər bir tərcümə sifarişçiyə təhvil verilənə qədər tərcüməçi tərəfindən aşağıdakı parametrlər üzrə yoxlanmalıdır:
tərcümənin tamlığı, o cümlədən mətndə bütün zəruri qrafik təsvir və cədvəllərin olması;
məzmun və terminologiyanın düzgün çatdırılması (tərcümənin ekvivalentliyi və adekvatlığı);
düzgün yazılış, qrammatika qaydalarına riayət, dildən istifadəyə uyğunluq;
səhvlərin, o cümlədən avtomatik surətdə aşkar olunmayan orfoqrafik səhvlərin olmaması;
sifarişçi ilə tərcümə mətninin xüsusiyyətlərinə dair digər razılaşmalara riayət.

Tərtibat.
Tərcümənin formatı (başqa şərt razılaşdırılmadıqda) orijinalın formatına uyğun olmalıdır. Aşağıdakı tələblərə riayət olunması zəruridir:
Orijinalın formatına dəqiq riayət etmək, başqa şərt razılaşdırılmadıqda şriftin təsvir xüsusiyyətlərini (yağlı, kursiv, altından xətt çəkmə, şrifrin rəngi) saxlamaq. Əlyazma mətni kursivlə fərqləndirilməlidir.
Bir qayda olaraq, mətnin tərtibinin aşağıdakı qaydalarından istifadə olunur:
tərcümə nıətninin şrifti – Times New Roman, yaxud Arial;
şrift ölçüsü – 12;
Başlıqlar əllə deyil, «Microsoft Word» mətn redaktorunun müvafiq funksiyasının köməyi ilə avtomatik surətdə tərtib olunur.
Əllə qoyulmuş imzalar açıqlanmır. Tərcümə zamanı imza yerində /imza/ sözü qoyulmalıdır. Orijinalda imza açıqlanırsa, tərcümədə /imza/ sözü imzanın açıqlanmasının tərcüməsi ilə birlikdə saxlanır.
Bütün möhürlər/ştamplar tərcümə olunaraq, bir qayda olaraq, sənədin əvvəlində/sənədin sonunda verilməlidir Möhür/ştamp üzərindəki yazılar tərcümə olunur. Yazıların tərcüməsindən əvvəl “möhür/ştamp” sözü verilir.
Blankın məzmunu, habelə blankda verilən mətn tərcümə olunur. Bu zaman tərcümənin əvvəlində yuxarı sol küncdə “Blankda yerinə yetirilmişdir” göstərilə bilər, lakin bu, notarial təsdiq üçün nəzərdə tutulmuş tərcümələrə tətbiq oluna bilməz.
Düsturlar, bir qayda olaraq, «Microsoft Word» mətn redaktorunun «Microsoft Equation» düsturlar redaktorunun köməyi ilə verilir, yaxud ilkin mətndən köçürülür.
Abzasların hərflərlə nömrələnməsi orijinala müvafiq surətdə tərtib olunmalıdır. Orijinal mətndə nömrələmə latın hərfləri (yaxud Roma rəqəmləri ilə) verildikdə (A, B, C, D, E, F, (а, b, c, i, ii, iii, ix, xxiii) bu nömrələmə tərcümədə saxlanmalıdır.
Başqa əlavə şərt razılaşdırılmadıqda paraqraf, fəsil, bəndlərin nömrələri (1.1.2 , 1.1.2.3. və s.) avtomatik qaydada verilməlidir.
Tərtibatın tam vahidliyini saxlamaq zəruri olduqda sənəd dəfələrlə Enter sıxılmaqla deyil, “Səhifənin ayrılması” funksiyası (Ctrl+Enter, yaxud Page Break vasitəsilə) səhifələrə bölünür.
Başqa şərt razılaşdırılmadıqda və ilkin mətnə tətbiqən mümkün olduğu qədər bütün snoskalar, əlavələr, siyahılar və təsvirlər saxlanmalı, təsvir və cədvəllərdəki mətn elementləri isə tərcümə olunmalıdır.
Sənədin orijinalında rəsmlər (şəkillər, sxemlər) və onların üzərində imzalar olduqda onlar da tərcümə olunmalıdır. İdeal halda orijinaldakı rəsmin imzalarının tərcüməsi orijinaldakı vəziyyətdə saxlanmalıdır.Bu mümkün olmadıqda (imzaların olduğu rəsm vahid şəkil olduqda, sənəd yalnız çap şəklində mövcud olduqda və s.):
İmzalar və sxem vahid şəkildir, sənəd elektron şəkildədir. Bu halda tərcümənin şəklin altında siyahı (cədvəl) kimi verilməsi, əvvəl orijinaldakı imzanın, sonra isə tərcümə dilindəki imzanın göstərilməsi 
 məqsədəuyğundur.
Misal:
Power cable
Güc kabeli
Start button Buraxılış düyməsi

İmzalar şəklin üzərindədir, orijinal çap şəklindədir. Bu halda rəsmdə orijinalın mətnindəki imzaların qarşısında rəqəmlər qoymaq, aşağıda isə müvafiq rəqəmlərlə tərcümə olunmuş ekvivalentlərin siyahısını vermək məqsədəuyğundur. Tərcümədə siyahı verilməlidir, məsələn: 1- güc kabeli, 2 – buraxılış düyməsi.
Mətnin oxunuşu (redaktəsi) zamanı bu iş mütləq düzəlişlərin nümayişi rejimində(Menyu/Servis/Düzəlişlər/İlkin mətndə dəyişiklikləri göstərmək) aparılmalıdır.
Aşağıdakılar qadağandır:
Aralar, o cümlədən artıq aralar vasitəsilə formatlama. Bu hallarda mətn Word Xətkeşinin, yaxud heç olmasa Tab klavişlərinin köməyi ilə format olunmalıdır.
Hətta orijinalda buna yol verildiyi halda belə söz daxilində artıq aralar vermək məsələn, “T Ə M İ N A T” yox, “TƏMİNAT” yazılmalıdır.
MSExcel-də tərcümə zamanı özəklərdə düsturları dəyişdirmək
Orijinalda nəzərdə tutulmadığı halda snoskalar vermək.
Word mətninə öz şərhlərini əlavə etmək.

Tərcümə olunan sənədlərə verilən üslubi tələblər
Tərcümə mətni üslubi baxımdan ilkin mətnə uyğun olmalıdır. Hüquqi və iqtisadi mətnlər tərcümə olunarkən xüsusi söz və ifadələrin neytral üsluba xas ifadələrlə əvəz olunmasına yol verilmir. Texniki mətnlərin tərcüməsi tərcümə dilində texniki mətnlərin üslub normalarına riayət olunmaqla həyata keçirilir. Tərcümə mətni aydın olmalı və fərqli yozumlara yol verməməlidir.
Bölmə və yarımbölmə başlıqlarının tərcüməsi “ haqqında”, “ haqqında nə bilirsiniz?”, “ necə tənzimləməli?” kimi ifadə olunmamalı, müvafiq surətdə “”, “”, “ tənzimi” və s. kimi verilməlidir.
Sənəd mətnində fiziki vahidləri və hesab vahidlərini ifadə edən saylar rəqəmlə, fiziki vahidləri və hesab vahidlərini ifadə etməyən birdən doqquza qədər saylar isə sözlə yazılmalıdır.
Tərcümə zamanı Beynəlxalq Vahidlər Sistemi (BS) rəhbər tutulmalı və BS vahidləri ilə yanaşı tətbiq olunan vahidlər, o cümlədən müvafiq qaydada yaradılmış misil və hissə vahidləri işlədilməlidir.
Mətnlərin tərcüməsi zamanı yol verilən zəruri üslubi üsullar:
cümlənin strukturunun optimallaşdırılması;
mürəkkəb cümlələrin daha sadə cümlələrə bölünməsi və əksinə;
tavtologiyanın və digər üslub səhvlərinin qarşısını almaq üçün sözlərin sinonimlərlə əvəz olunması;
antonimlərin tərcüməsi.
Leksika, sözlüklər, standartlar, konkret tələblər
Tərcüməçi (tərcümə zamanı təqdim olunmuş) sözlüyə dəqiq riayət etməlidir. Bütün tərcümə mətnində mövzuya xas olan vahid terminologiyaya riayət olunmalıdır. Tərcümə zamanı məlumat kitablarından, ensiklopediyalardan, izahlı lüğətlərdən, orfoqrafiya lüğətlərindən və digər rəsmi mənbələrdən istifadə olunmalıdır. Habelə texniki mətnlərin mötəbər mənbəyi kimi xüsusi ikidilli və birdilli izahlı lüğətlərdən istifadə tövsiyyə olunur. Sifarişçinin təqdim etdiyi sözlüklə rəsmi sözlüklər arasında ziddiyyət olduqda sifarişçinin təqdim etdiyi sözlükdə verilən məlumatlar əsas götürülür. Tərcüməçi ayrı-ayrı sözlərin, terminlərin, yaxud ifadələrin tərcüməsinin yalnız bir variantını verir, mətndə sifarişçinin seçimi üçün bir neçə tərcümə variantının verilməsi yolverilməzdir, bu, ən azı sifarişin icrası prosesində TM əməkdaşları ilə razılaşdırılmalıdır.
İlkin mətndə analoji leksik vahidlərin işlədilməsi istisna olmaqla, lakin tərcümənin ekvivalentliyi prinsipinə mütləq riayət olunmaqla peşə danışıq dilində qəbul olunmuş terminlərin işlədilməsi yolverilməzdir.
Tərcümə mətnində aşağıdakılara yol verilmir:
danışıq nitqi ifadələrinin, texnisizmlərin, professionalizmlərin tətbiqi;
eyni bir anlayış üçün mənaca yaxın (sinonim) olan müxtəlif elmi-texniki terminlərin, habelə ana dilində eyni mənalı söz və terminlər mövcud olduğu halda əcnəbi söz və terminlərin tətbiqi;
özbaşına yaradılan söz birləşmələrinin tətbiqi;
orfoqrafiya qaydaları, müvafiq dövlət standartları ilə, habelə sənədin özündə müəyyən olunmuş ixtisarlardan əlavə ixtisarların tətbiqi;
cədvəllərin başlığında və kənarında və düstur və rəsmlərə daxil olan hərfli ifadələrin açıqlanmasında fiziki vahidlər istisna olmaqla, rəqəmsiz işlədilən fiziki vahid ifadələrinin qısaldılması (ixtisarı).

Təşkilatların, beynəlxalq müqavilələrin və konvensiyaların rəsmi adları, hamı tərəfindən tanınan milli və beynəlxalq standartlar, saziş və tövsiyyələrlə tənzimlənən əmtəə nişanları, digər leksik kateqoriyaların nomenklatur ifadələri və vahidləri tətbiq olunmalıdır.

Xüsusi tələblər
Rekvizitlərin tərcüməsi (başqa şərt razılaşdırılmadıqda) transliterasiya olunur.
Xarici firmaların adları orijinalda olduğu kimi verilir, məsələn: Xerox – Xerox. Yalnız hüquqi sənədlər (nizamnamələr, təsis müqavilələri, sazişlər və s.) istisna təşkil edir.Belə sənədlərlə iş zamanı şirkətin adının necə verilməsi TM əməkdaşı ilə dəqiqləşdirilməlidir.
Şirkətlərin adları ingilis dilinə tərcümə olunarkən dırnaq işarəsi qoyulmur.
Tərcümə dilində analoji ixtisar və abbreviaturaların mövcud olduğu hallar istisna olmaqla, bütün qısaldılmış sözlər və abbreviaturalar açılmalı və tam formada tərcümə olunmalıdır.
Adlar və soyadlar transliterasiya olunur və mətndə ad ilk dəfə işlədildikdə mütləq orijinaldakı yazılış göstərilir, məsələn, Con Smit (John Smith).
Tərcümədə milli və beynəlxalq standartlara istinadlar orijinalın dilində verilməli, sonra mötərizədə onların tərcüməsi göstərilməlidir.
Başqa şərt razılaşdırılmadıqda tərcümə zamanı ünvanlar qəbul olunmuş formatda verilməlidir (ölkə, şəhər, küçə, ev), sonra isə mötərizədə ünvanın əcnəbi variantı orijinalın dilində tam verilir, məsələn: “Şirkət aşağıdakı ünvan üzrə yerləşir: Kipr, Nikosiya şəhəri, 205333, Karpenizi Strit, 30 (30 Karpenisi Street, P.O. Box 20533, Nicosia, Cyprus)”.
İngilis dilində məktublarda və digər sənədlərdə ünvanlama qaydası aşağıdakı kimidir: ad, soyadı, vəzifə, şirkət.
Nəzərə alınmalıdır ki, ingilis mətnlərində qırmızı sətirlər verilmir, abzaslar sətirlər arası bir yarımlıq intervalla ayrılır.
Bütün tarixlər belə göstərilməlidir: 01.03.07 –  March 1, 2007.
İngilis dilinə sıra nömrəsi # kimi tərcümə olunur.
Mətnin bölmələrini ayırmaq üçün işlədilmədikdə və belə əvəzetmə bəzi dillərdə Roma rəqəmlərinin işlədilməsi ənənəsinə zidd olmadıqda Roma rəqəmlərini tərcümə zamanı ərəb rəqəmləri ilə əvəz etmək tövsiyyə olunur.
Şərti işarə, rəqəm və sayların tərcüməsi
Xarici pul vahidlərinin adını ifadə edən və ilkin mətndə saydan əvvəl verilən şərti işarəni ($, £ və s. ) tərcümə zamanı saydan sonra verilən “ABŞ dolları”, “f.st” və s. sözləri ilə əvəz etmək tövsiyyə olunur.
Tərcümə zamanı bəzi riyazi işarələrin işlədilməsinin xüsusiyyətləri nəzərə alınmalıdır:
Çoxrəqəmli sayların (vergüldən başlayaraq sola, yaxud sağa doğru dörddən artıq rəqəm) üçrəqəmli saylara ayrılması işarəsi: ara ötürmə (164 842) – Rusiya, Fransa (fransız dilindəki hüquqi mətnlərdə nöqtədən də istifadə olunur); sətrin aşağı hissəsində nöqtə (468.843) – Avstriya, Almaniya; sətrin aşağı hissəsində vergül (844,346,218) – ABŞ, İngiltərə, Yaponiya.
Vurma işarəsi:
Sətrin ortasında nöqtə, yaxud ´işarəsi–(44·36;23´13)–Rusiya, Avstriya, Almaniya;sətrin aşağı hissəsində nöqtə(94.33)–Fransa; ´, yaxud * işarəsi (74 ´ 28, 74*28) – ABŞ, İngiltərə.
Onluq kəsr işarəsi:
Sətrin aşağı hissəsində vergül (0,02) – Rusiya, Almaniya, Fransa (fransız dilində qoşma texniki sənədlərdə və çertyojlarda nöqtə də işlədilir);
sətrin ortasında nöqtə;sıfır tam çox zaman ötürülür(.05)–ABŞ, İngiltərə, Yaponiya, Avstriya.
Bölmə işarəsi:
Iki nöqtə (89:14) – Rusiya, Avstriya, Almaniya, Fransa, ABŞ, İngiltərə.
Nisbət işarəsi:
=işarəsi(24:6=4:1)–Rusiya;
 : : işarəsi (12 + 3 : : 24 + 6) – İngiltərə.
Xüsusi adların tərcüməsi
Aşağıdakı ümumi tövsiyyələr verilə bilər:
Xüsusi adlar (xarici soyadlar və adlar, coğrafi adlar, firma, maşın, cihaz məmulat, kimyəvi maddə, material adları, şəhər küçələrinin, qəzetlərin, jurnalların, gəmilərin, göy cisimlərinin, mehmanxanaların, meydanların və s. adları) tərcümə zamanı aşağıdakı kimi verilir:
1)transliterasiya vasitəsilə;
2)transkripsiya vasitəsilə;
3)ənənəyə görə;
4)tərcümə olunaraq.

Transliterasiya dedikdə bir dilin söz və hərflərinin başqa dilin hərfləri ilə verilməsi üsulu başa düşülür, məsələn:Unter den Linden–Unter-den-Linden küçəsi.

Transkripsiya dedikdə bir dilin söz və səslərinin başqa dilin xüsusi şərti işarələr sistemi (fonetik transkripsiya), yaxud adi orfoqrafiya vasitələri (praktik transkripsiya) ilə verilməsi üsulu başa düşülür, məsələn: General Electric Со. – “Ceneral elektrik” firması.

Xarici xüsusi adların ənənəyə görə verilməsi zamanı onların tarixən təşəkkül tapmış ənənəvi yazılışı nəzərə alınmaqla praktik transkripsiya üsulundan istifadə olunur, məsələn, Washington Uoşinqton kimi deyil, Vaşinqton kimi verilir.

Xüsusi adların tərcüməsi təşəkkül tapmış təcrübəyə müvafiq surətdə xarici adın məna məzmununu çatdıran sözlərin köməyi ilə yerinə yetirilir, məsələn: Bois de Boulogne Bua de Bulon deyil, Bulon meşəsi kimi verilir.

Tərcümə zamanı xüsusi adlar çox vaxt praktik transkripsiya vasitələri ilə çatdırılır. Şərti işarələr sistemindən istifadə edən fonetik transkripsiyadan fərqli olaraq, praktik transkripsiya bir dilin sözlərini çatdırmaq üçün başqa dilin orfoqrafiya vasitələrindən istifadə edir.

Transkripsiya metodu ilə şərq dillərinə, yaxud bəzi Avropa dillərinə aid olan və latın hərfləri ilə yazılmış xarici xüsusi adlar verildikdə xüsusilə diqqətli olmaq lazımdır, çünki məsələn, ingilis dilinin transkripsiya qaydalarının belə sözlərə tətbiqi ilkin səslənmənin kobud şəkildə təhrif olunmasına gətirib çıxarır.

Xarici dillərə tərcümə zamanı bu dillərdə xarici xüsusi adların (fonetik transkripsiya, yaxud transliterasiya vasitələri ilə) verilməsinin standart (vahid standart mövcud olmadıqda isə üstün) qaydalarına riayət etmək tövsiyyə olunur.

Tərcüməçiyə müvafiq elm, yaxud texnika sahəsinin təcrübəsi nəzərə alınmaqla konkret tərcümənin məqsədləri baxımından ən optimal sistemi seçmək tövsiyyə olunur.Təşəkkül tapmış təcrübə və sifarişçinin əsaslandırılmış göstərişləri mövcud olmadıqda tərcüməçi bu və ya digər transkripsiya, yaxud transliterasiya (yaxud latın əlifbası ilə yazılış) sistemini müstəqil surətdə seçə və ardıcıl surətdə tətbiq edə bilər.

Məşhur alimlərin, dövlət xadimlərinin və s. soyadları və adları transkripsiya olunarkən təşəkkül tapmış təcrübə əsas götürülməlidir, çünki onların soyad və adlarının ənənəvi yazılışı fonetik prinsipə uyğun gəlməyə bilər, məsələn:Louis de Broglie – Lui de Broyl, Carl Friedrich von Weizsackar – Karl Fridrix fon Veytszekker, Ven Klaybern deyil, van Klibern, Rozevelt deyil, Ruzvelt. Xarici adlar həmin adın tələffüz (deyiliş) qaydalarına müvafiq surətdə transkripsiya olunmalıdır, məsələn: Johann – İohann, Paul – Paul (alman), Pol (fransız), Pol (ingilis), Georg – Georq (alman) – George – Corc (ingilis), Jorj (fransız).
Xarici soyad və adlarda artikllər, bağlayıcılar, da, das, de, del, der, don, doña, du, la, le, van, von və s. hissəcikləri transkripsiya olunaraq kiçik hərflə və adın digər hissələrindən ayrı yazılır məsələn: Leonardo da Vinchi – Leonardo da Vinçi, von der Stolz – fon der Ştols. Artikllər, bağlayıcılar və hissəciklər soyadla birlikdə bir söz təşkil etdikdə, ənənəyə görə soyadla defis, yaxud apostrofla birləşdikdə, yaxud xarici dildə böyük hərflə yazıldıqda böyük hərflə yazılır, məsələn:: O’Neill – О’Nill, Van de Graaf – Van-de-Qraaf.
Mak, Mk, Saint hissəcikləri çox zaman defis vasitəsilə ada birləşir (Sent-, Santa-, Mak-, Sen-) və tərcümədə böyük hərflə yazılır, məsələn: McClain – Mak-Kleyn, Saint Lawrence – Sent-Lourens, Saint-Simon – Sen-Simon, San Marino – San-Marino, Santa Cruz – Santa-Krus.Lakin bu ümumi qaydadan kənaraçıxmalar da mövcuddur (məsələn. Makkarti, Makdonalds, Makkenzi).

Adın ortasında bağlayıcı, yaxud hissəcik gəldikdə o, defislə və kiçik hərflə yazılır, məsələn: Fernandez у Gõzâles – Fernandes-i-Qonsales.

Çin soyadları və adları iki hissədən ibarətdir: birinci hissə soyad, ikinci hissə addır.Hər iki hissə böyük hərflə və ayrı yazılır, məsələn: Li Bo; Tsi Bayşi. Yapon, Koreya, Vyetnam, İndoneziya, Birma soyadları və adları ayrı və hər bir hissəsi böyük hərflə yazılır, məsələn: Xo Şi Min, U Tan.

Xarici firma, şirkət, səhmdar cəmiyyəti, korporasiya, konsern, inhisar, sənaye biliyi və s. adları transkripsiya olunaraq dıqnaqda verilir: addan sonra ümumiləşdirici “firması”, “şirkəti”, “səhmdar cəmiyyəti”, “korporasiyası”, “konserni” və s. sözü verilir.Bu adlarda yalnız birinci söz və xüsusi adlar böyük hərflə yazılır.Məsələn: Montedison – “Montedison” konserni, La Société Anticorrosion–“Socyete antikorozyon” firması.Bununla yanaşı, xarici firma adlarının orijinalda olduğu kimi yazılışından istifadə meylinin mövcudluğu qeyd olunmalıdır (məsələn: “TWA şirkətnin təyyarəsi”).

Adlarda bağlayıcılar (the, and, of, und, et və s.) transkripsiya olunaraq (ze, end, of, und, e) kiçik hərflə yazılır.

Firma adlarında rast gəlinən Corp., Со., Ltd., Inc., GmbH, GmuH, К.К. və s. ixtisarları adın tərkib hissəsi olmadıqda tərcümə zamanı ötürülə bilər, məsələn: Union Carbide Co. – “Yunion Karbayd” firması, Fawsett Preston and Co. – “Fosett Preston end Kompani” firması, Henschel-Werke GmbH – “Henşel-verke” firması.Lakin rəsmi istifadə və sonrakı notarial təsdiq üçün nəzərdə tutulmuş tərcümələrdə mülkiyyət formasını bildirən sözləri ötürmək olmaz.Bu hallarda şirkətlərin adları onların qeydə alındıqları kimi (məsələn, Nizamnamə sənədlərində yazıldığı kimi) tərcümə olunmalıdır.

Maşınların, cihazların, müxtəlif kimyəvi maddələrin, məmulatların, materialların bir, yaxud bir neçə sözlə ifadə olunmuş firma adları transkripsiya olunaraq dırnaqda verilir, özü də birinci söz böyük hərflə yazılır.Bu zaman sözdən sonra rəqəm, yaxud hərf gəldikdə sözlə rəqəm (hərf) arasında defis qoyulur, məsələn: Goodright-2007 –“Qudrayt-2007”, Hastelloy X – Hastelloy-X xəlitəsi. Bir sıra hallarda (əlavələrdə və s.) tərcümədən istifadə zamanı mümkün çətinliklərin qarşısını almaq məqsədilə, məsələn, avadanlıq üçün sifariş rəsmiləşdirilərkən mətndə orijinal adları saxlamaq tövsiyyə olunur.
 Xarici idarə və təşkilatların adları, bir qayda olaraq, tərcümə olunur. İdarə və təşkilatların adlarında köməkçi sözlərdən başqa bütün sözlər böyük hərflə yazılır, məsələn: American Electrochemical Society – Amerika Elektrokimya Cəmiyyəti, United Nations Organization – Birləşmiş Millətlər Təşkilatı.

Xarici jurnalların adları tərcümə mətnində, biblioqrafik istinadlarda və ədəbiyyat siyahısında dırnaqsız orijinal yazılışda saxlanır. Bu zaman ilkin dildə böyük və kiçik hərflərin işlədilməsi qaydalarına riayət olunur.

Xarici coğrafi adlar tərcümə olunmur, coğrafiya atlasına, xüsusi məlumat kitablarına və sözlüklərə müvafiq surətdə ekvivalentləri ilə əvəz olunur. Atlaslarda, xəritələrdə, yaxud məlumat kitablarında olmayan coğrafi adlar transkripsiya olunmalı və birinci dəfə işlədildikdə mötərizədə orijinalın dilində verilməlidir, sonradan isə yalnız transkripsiya olunmuş addan istifadə olunmalıdır.Yapon dilindən və latın qrafikasına malik olmayan digər dillərdən tərcümə zamanı yalnız transkripsiya işlədilməlidir.
ABŞ şəhərlərinin coğrafi adları ştat göstərilməklə verilməlidir, məsələn: St. Paul, MN – Sent-Pol şəhəri, Minnesota ştatı.
Ticarət markalarının adları tərcümə zamanı, bir qayda olaraq, tərcümə olunmur, transliterasiya olunur.
Abbreviatura və ixtisarlar
Tərcümə zamanı ilkin mətndə rast gəlinən abbreviaturalar tam açıqlanır və tərcümə olunur, bu zaman birinci dəfə işlədilərkən orijinalın dilində abbreviaturanın açıqlanması (1), sonra belə açıqlanmanın tam tərcüməsi (2) və ya tərcümə dilində mövcud olan müvafiq abbreviatura və ya sabit ekvivalent olmadıqda tərcüməçinin özünün açıqlanmış və tərcümə olunmuş orijinal abbreviaturanın baş hərflərindən tərtib etdiyi abbreviatura(3) verilir. Abbreviaturanı açıqlamaq mümkün olmadıqda orijinalın dilində saxlanır və qeyddə mütləq bu ixtisarı açıqlamağın mümkün olmadığı göstərilir.
Xarici dilə tərcümə zamanı xarici dildə tam tərcümənin baş hərfləri üzrə yaradılmış abbreviatura yazılır. Mətndə ilk dəfə işlədildikdə xarici dildə tam tərcümə mötərizədə göstərilir. Sonradan həm abbreviaturadan, həm də tam tərcümə olunmuş addan istifadə olunur.
Maşın, aparat, cihaz və s. markalarının qısaldılmış adları, adətən, açıqlanmır və tərcümə zamanı orijinal yazılışda saxlanır, məsələn: BORAX – BORAX reaktoru.
Hərf və rəqəmlərin birləşməsindən ibarət hərf abbreviaturalarında rəqəmlər əvvəldə gəldikdə abbreviaturaya bitişik, abbreviaturadan sonra gəldikdə isə defislə yazılır, bu zaman dırnaq işarəsi işlədilmir, məsələn: 315NCR- 315NCR aparatı, SQ 71 – SQ-71 cihazı.
Rəqəmlər və bütöv sözlərlə birləşən hərf abbreviaturalarında sözlər transkripsiya olunur, abbreviaturalar isə orijinal yazılışda qalır.Tərcümə zamanı belə birləşmələr dırnaq işarəsi ilə verilir, birinci söz və xüsusi adlar isə böyük hərflə yazılır, məsələn: Phillips DS 714 – «Phillips DS 714» aparatı.
İdarə və təşkilat adlarının hərf abbreviaturaları dırnaq işarəsi olmadan və böyük hərflə yazılır.İxtisarı açıqlamaq mümkün olmadıqda o, orijinalın dilində saxlanır, yaxud ənənəyə uyğunlaşdırılır, məsələn: ENEL – ENEL firması, ВВС – “Bi-Bi-Si” şirkəti, FIAT – FİAT firması, yaxud “Fiat” firması.
Abbreviaturalar xarici dilə tərcümə olunarkən tərcümə dilinin normaları rəhbər tutulmalı, həmin dildə pis səslənən və anlaşılmaz birləşmələrə yol verilməməlidir.Bir sıra hallarda tərcüməni alanların dərk etməsi üçün belə abbreviaturanı açıqlamaq məqsədəuyğundur.

Tərcüməçinin qeydləri

Tərcümə mətninə dair bütün şərhlər ayrıca “Sifarişçinin diqqətinə – tərcüməçinin qeydləri” sənədi şəklində təqdim olunur və tərcümə mətninə əlavə olunur.Yalnız sifarişçi ilə razılaşdırma əsasında tərcüməçinin qeydləri mətndə snoskalar şəklində verilə bilər. Bu halda tərcüməçinin qeydləri tərcümədə “Tərc. qeydi” ifadəsi ilə tamamlanmalıdır. Tərcüməçi ilkin mətndə məna səhvi aşkar etdikdə fraqmenti ilkin mətnə uyğun tərcümə edir, səhvlə bağlı qeydlərini isə tərcüməçinin qeydlərində göstərir. Lakin ilkin mətndə orfoqrafik, yaxud qrammatik səhvlər olduqda onlara bilərəkdən yol verilməməsi halında həmin səhvlər tərcümə mətninə keçirilməməlidir.
Mübahisəli və birmənalı olmayan yerlər (terminlər, ifadələr, ixtisarlar) TM menecerləri ilə müzakirə olunmalı, habelə sarı fonla fərqləndirilməli və sarı fonda mötərizələrdə imza ilə şərhlər əlavə olunaraq yaranmış çətinliklər TM əməkdaşlarına ayrıca bildirilməlidir.

Cərimələr sistemi

Bu tələblər kobud şəkildə pozulmaqla göndərilmiş tərcümələr tərcüməçiyə yenidən işlənilməyə göndərilə bilər. Bu qaydalar çərçivəsində mətnin yenidən işlənilməsinə görə əlavə ödəniş verilmir. Keyfiyyətsiz tərcümələrə və ya müddətin pozulmasına, o cümlədən mətnin yenidən işlənilməsi, yaxud təkrar tərcüməsi zərurəti ilə əlaqədar müddətin pozulmasına görə məbləği TM çəkdiyi məsrəflərə düz mütənasib olan cərimə sanksiyaları tətbiq olunur. İcraçıya ödənişin məbləği aşağıdakı hallarda azaldıla bilər: qeyri-adekvat tərcümə, tərcümədə ötürmələr, üslubi, qrammatik və orfoqrafik səhvlər, terminologiyaya, sözlüklərə, Sifarişçinin tələblərinə riayət olunmaması, müddətin pozulması, tərcüməyə verilən bu tələblərin digər müddəalarının pozulması. Hər bir halda tutulmanın məbləği ayrıca müəyyən olunur.
Cərimə sanksiyalarının hesablanması qaydası
Bir orfoqrafik, yaxud durğu işarəsi səhvi Qonorarın 0,5%-i
Rəqəmlərin yazılışında bir səhv Qonorarın 2%-i
Bir üslub səhvi Qonorarın 0,5%-i
Bir leksik səhv Qonorarın 2%-i
Bir qrammatik səhv Qonorarın 1%-i
Mənanın bir dəfə təhrif olunması Qonorarın 5%-i
Mətn fraqmentinin bir dəfə ötürülməsi Qonorarın 5%-i
Bir termin üzrə razılaşdırılmış terminologiyaya, sözlüklərə, Sifarişçinin tələblərinə riayət olunmaması Qonorarın 5%-i
DƏQİQ MÜƏYYƏN OLUNMUŞ müddətə riayət olunmaması (təcili sifarişlər üçün)
1 saatdan artıq Qonorarın 20%-i
3 saatdan artıq Qonorarın 30%-i
7 saatdan artıq Qonorarın 50%-i
Ayın yekunlarına görə tutulmuş cərimələrin məbləği TM rəhbərliyinin qərarı ilə yaxşı mənada fərqlənmiş icraçılar arasında mükafat kimi bölünür.
Şirkətimizə işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız ixtisas profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Şirkətimizi uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik. 

 Oxudum və şərtlərlə razıyam.

Leave a comment